Qafqaz Camışı və Boz Qafqaz Arısı Azərbaycandakı yeni “Slow Food” Prezidiyalarıdır
27 Jul 2021 | All Languages
Aİ-nin maliyyələşdirdiyi “Böyük Qafqaz Dağları Ərazisində İcma Əsaslı Dəyər Zəncirinin Genişləndirilməsi” (COVCHEG) layihəsi bu gün növbəti önəmli mərhələyə – Azərbaycanda iki yeni “Slow Food” Prezidiyasının təsis edilməsinə nail oldu:
Avropa “Yaşıl Sazişi”nin əsas tərkib hissəsi olan “Biomüxtəliflik Strategiyası 2030”-a mükəmməl şəkildə uyğun gələrək, quruda və dənizdə qorunan ərazilərin Aİ miqyasında daha geniş şəbəkəsini qurmaqla, “Slow Food” Prezidiyası birbaşa fermerləri dəstəkləyir və biomüxtəlifliyi müdafiə edən və ənənəvi qida istehsalı texnikalarını qoruyub-saxlayan təsərrüfat cəmiyyətlərinin təsis edilməsini əhatə edir. Bu, fermerlərin daha az təklənməsinə, birlikdə çətinliklərin öhdəsindən gəlməyə kömək edir və üçüncü tərəflərin vasitəçiliyi olmadan bazara çıxışı təmin edir. Prezidianın qoruduğu bütün məhsullar spesifik ərazinin tarixi və mədəniyyəti ilə əlaqəli olur. Fermerlər mütəxəssislərlə görüşlər və beynəlxalq təcrübə mübadiləsi yolu ilə təlim alırlar.
Qafqaz Camışı
Azərbaycanda qədim zamanlardan bəri insanlar camışçılıqla məşğul olmuş və əhalinin ət və süd məhsullarına olan tələbatının ödənilməsində bu sahə mühüm rol oynamışdır. Camışlar, əsas etibarilə, otlama və torpaq üzərində dırnaqlarının hərəkəti sayəsində münbit torpaq yaranmasına kömək edir. Qafqaz camışları gündə 3-4 kq süd verir və onların südündə orta hesabla 7-8% yağ və inək südü ilə müqayisədə daha yüksək miqdarda zülal, şəkər və minerallar olur. Azərbaycanda camış südü üzrə bazar yaxşı inkişaf etmədiyinə görə əksər fermerlər südlərini emal edərək onu kərə yağı, qatıq, qaymaq, pendir, kefir və pəhriz əhəmiyyəti olan digər məhsullara çevirir və onları elə kənddə istehlak edir, yaxud birbaşa satırlar. Camış əti qırmızı ət kimi çox məşhurdur və onun tərkibindəki hemoqlobinin miqdarı mal ətindən iki dəfə çox, xolesterolun miqdarı isə daha azdır. Son illərdə sahələr texniki bitkilərin becərilməsi üçün verildiyinə görə otlaqlar azalır, buna görə də mal-qaranı otarmaq üçün heç bir yer qalmır. Bundan əlavə, iqlim dəyişikliyinin səbəb olduğu quraqlıq və su mənbələrinin azalması camışlar üçün olan təchizatlara mənfi təsir edir. Prezidium isə yerli əhali arasında Nabat otarmasının və vəhşi mühitdə otarmanın davamlılığını artırmaq üzərində işləyəcəkdir. Camış sahibləri tərəfindən imzalanmış istehsal protokolunun əsas sütunu heyvanların rifahına diqqət yetirərək ənənəvi camış otlatma texnikalarına tam əməl etməyi təmin edir.
Boz Qafqaz Arısı
Ölkənin Şimal-qərb regionunda dağlıq və orta dağlıq ərazilərdəki mülayim iqlim şəraiti yabanı “təknə” arıçılığının inkişafına imkan vermişdir. Təknə arıların ağaclardakı təbii yaşayış mühitinin oxşarı olan içi oyulmuş taxta kötükdür. Onlar, əsasən, yumşaq ağaclardan, ənənəvi olaraq cökə və ya qızılağacdan oyulur. Taxta kötüklərin ölçüləri 1-1.5 metr uzunluqda və 40-50 santimetr diametrdə olur. Kötük iki bərabər hissəyə bölünür, daha sonra arılar üçün boşluq yaratmaq məqsədilə oyulur. Çox məhsuldar metod olmadığına görə 19-cu əsrdə çərçivə pətəklərinin geniş tətbiqindən sonra təknə pətəkləri geniş şəkildə əvəzləndi və yabanı arıçılıq texnikaları artıq nadir üsula çevrildi. Hazırda yalnız bir neçə arıçı bu ənənəvi metodu qoruyub-saxlayır.
Təknə pətəkləri hər zaman Boz Qafqaz arılarının (Apis mellifera caucasica) vətəni olub. Qafqaz dağlarındakı bu yerli cinsin daha uzun dilə sahib olması onların daha çox çiçək növündən və daha böyük həcmdə nektar əldə etməsinə imkan verir. Digər məxsusi keyfiyyətləri isə onlara daha soyuq şəraitdə daha yaxşı uçmağa və qışı keçirməyə şərait yaradır.
Qədim təknə metodunun dirçəldilməsi Boz Qafqaz bal arısının qorunması ilə paralel (eyni zamanda) baş verməlidir. Prezidiuma yüksək keyfiyyətli dağ balı istehsalına motivasiyası olan arıçılar cəlb edilir. İstehsalçılar tərəfindən imzalanmış istehsal protokolu həşəratları, təbiəti və apoidlərin yetişdirildiyi ekosistemi nəzərə alır.
“Slow Food”-un toxumların qorunması üçün öhdəlik götürməsi onun Azərbaycanda Marsan pomidoru üzrə fəaliyyətində əks olunmuşdur
Azərbaycanın şimalında – Qax rayonundakı kiçik Marsan kəndi həmişə pomidor istehsalı ilə məşhur olmuşdur. 1990-cı illərdə SSRİ-nin dağılması ilə pomidor sortlarının Azərbaycana idxal dalğası başladı. Ənənəvi Marsan pomidoru gündən-günə yox olma təhlükəsi ilə üzləşdi.
Yaxşı ki, Marsan kəndində bir qadın öz nənələrindən miras qalmış, şirin və şirəli yerli pomidor sortunun toxumlarını qoruyub-saxlamışdı. Bu gün yalnız bir neçə ailə Marsan pomidorunu elə öz istifadələri üçün yetişdirməyə davam edirlər. Bu sortu yetişdirənlərin sayının artmasının təkcə bu sort və ənənəni daha yaxşı qorumağa deyil, həm də Marsan kəndinin pomidor istehsalının mərkəzi kimi tanınmasına imkan verəcəyini nəzərə alaraq, “Slow Food” COVCHEG vasitəsi ilə daha çox fermeri həvəsləndirmək və onun bazar istifadəsi üçün becərilməsinə cəlb etmək üzərində işləyir.
Slow Food Prezidiyası tərəfindən artıq nominasiya edilmiş Azərbaycan məhsulları bunlardır: Yabanı Qafqaz İtburnusu, Azərbaycan fındığı və Mədrəsə üzümü.
2018-ci ildə başladığı gündən bəri COVCHEG layihəsi Azərbaycanda Böyük Qafqaz dağlarındakı kəndlər və iqlim zonaları ilə əlaqəli 40-dan çox yerli tərəvəz, meyvə, ənənəvi ev istehsalı olan şirniyyatlar, heyvan cinsləri, yabanı bitki və başqa məhsulların xəritəsini hazırlayıb. Ümumilikdə, qeydə alınmış məhsullardan 31-i Dad Gəmisinə daxil edilmişdir. Dad Gəmisi dünya səviyyəsində yox olma riski altında olan keyfiyyətli qida məhsullarını seçir və siyahıya alır. Bu, eyni zamanda biomüxtəlifliyi qoruyan kiçik istehsalçıları hər gün onların məhsullarından istifadə etməklə dəstəkləyən restoranlar, bistrolar, yeməkxanalar və küçə mətbəxlərinin aşpazlarının şəbəkəsi olan Azərbaycan “Slow Food” Aşpazlar Alyansının reallaşdırılmasına imkan verdi. Hazırda bu alyansa doqquz azərbaycanlı aşpaz qoşulub.
COVCHEG layihəsi Aİ tərəfindən maliyyələşdirilir və Azərbaycan Turizm Şurası ilə əməkdaşlıq çərçivəsində Slow Food tərəfindən icra edilir.
“Slow Food” COVCHEG layihəsi vasitəsilə Azərbaycanda yerli biomüxtəlifliyin qalıqlarını qorumaq və yerli istehsalı məhv edən köklü və güclü zəncirlərə alternativ olaraq davamlı yerli dəyər zəncirlərini inkişaf etdirmək istiqamətində fəaliyyət göstərir. Avropa İttifaqının maliyyə dəstəyi və Azərbaycan Turizm Şurası ilə əməkdaşlıq şəraitində Slow Food Böyük Qafqaz Dağları bölgəsindəki kiçik fermerlərə dəstək layihəsi hazırlayır. Aİ-Azərbaycan tərəfdaşlığı yerli sortlar və qastronomiya mövzusunda Aİ-nin ən yaxşı təcrübələrini və bacarıqlarını bölüşmək və yerli biomüxtəlifliyin və mədəni irsin qorunmasına üstünlük vermək məqsədilə yerli hakimiyyət orqanları, vətəndaş cəmiyyəti qrupları və digər maraqlı tərəflərlə sıx əməkdaşlıq edir.
Daha ətraflı məlumat üçün:
Slow Food Mətbuat Mərkəzi
Paola Nano – [email protected]
Alessia Pautasso – [email protected]
Slow Food yerli qida ənənələrinin yox olmasına və “fast food” mədəniyyətinin yayılmasına qarşı mübarizə məqsədilə 1989-cu ildə qurulmuş, dünya miqyasında fəaliyyət göstərən yerli icmalardan ibarət şəbəkədir. O vaxtdan bəri “Slow Food” 160-dan çox ölkədə milyonlarla insanı əhatə edən və hamımızın keyfiyyətli, təmiz və ədalətli qida əldə etməyimiz üçün çalışan qlobal hərəkata çevrilib.
Change the world through food
Learn how you can restore ecosystems, communities and your own health with our RegenerAction Toolkit.